İDMAN


Bakı Olimpiya Stadionu 2019-cu il UEFA Avropa  liqasının final matçına ev sahibliyi edəcək

Bakı, 20 sentyabr, AZƏRTAC

Xəbər verdiyimiz kimi, bu il fevralın 2-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) 2019-cu ildə keçiriləcək UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası turnirlərinin final oyununun təşkili ilə bağlı Bakı Olimpiya Stadionunun namizədliyini irəli sürmüşdü.

AFFA-dan AZƏRTAC-a bildirilib ki, ilkin mərhələdə UEFA Çempionlar Liqasını final oyununa ev sahibliyi etmək üçün Bakı Olimpiya Stadionu və Madridin “Vanda Metropolitano” stadionu namizəd olublar.

UEFA Avropa Liqasının həlledici oyununa ev sahibliyi etmək üçün isə Bakı Olimpiya Stadionu, Dinamo Arena (Tbilisi, Gürcüstan), Frankfurt Stadion (Frankfurt, Almaniya), Arena Stuttgart (Ştutqart, Almaniya), Hampden Park (Qlazqo, Şotlandiya), Estadio Ramon Sanchez Pizjuan (Sevilya, İspaniya) və Beşiktaş Arena (İstanbul, Türkiyə) öz namizədliyini irəli sürüb.

Prosedur qaydalarına uyğun olaraq, UEFA 2019-cu ildə keçiriləcək klub turnirlərinin final qarşılaşmasına namizədliyini irəli sürmüş Milli Assosiasiyalara sifariş kitabını təqdim etmək üçün iyunun 6-dək vaxt verilmişdi. Sifariş kitabını təqdim etmiş assosiasiyalardan UEFA Çempionlar Liqası üçün Bakı Olimpiya Stadionu və “Vanda Metropolitano”nun, UEFA Avropa Liqası üçün isə Bakı Olimpiya Stadionu, Ramon Sançes-Pisxuan və Beşiktaş Arenanın namizədliyi qeydə alınıb.

Xatırladaq ki, AFFA tərəfindən hər iki turnir üçün ayrı-ayrı sifariş kitabı və videoçarx hazırlanıb. Sifariş kitabında müxtəlif mövzular əhatə olunub və “final qarşılaşması niyə Bakıda keçirilməlidir” sualına aydınlıq gətirilib.

Belə ki, AFFA-nın təşkilatçılığı ilə keçirilən FİFA U-17 Qadınlararası Dünya çempionatı-2012, Futzal üzrə “Dördlər finalı-2014”, UEFA U-17 Avropa Çempionatı-2016 zamanı görülən işlər həm FİFA, həm də UEFA tərəfindən yüksək qiymətləndirilib. Ötən il qitə birinciliyinin açılış oyununda isə U-17 Avropa çempionatları tarixinin yeni rekordu qeydə alınıb. Bakı Olimpiya Stadionunda keçirilmiş oyunu 33 min azarkeş izləyib. Bu da ölkəmizdə kifayət qədər azarkeş bazasının mövcudluğunu, futbola marağın böyük olduğunu göstərir. Eyni zamanda, sifariş kitabı hazırlanan zaman dövlət qurumları tərəfindən təminat məktubları alınıb və UEFA-ya təqdim edilib, otellər, yol infrastrukturu, hava limanı, məşq meydançaları, yarışı qəbul etməyə iddialı olan Bakı Olimpiya Stadionu haqda qitənin ali futbol qurumunun rəhbərliyinə ətraflı məlumat verilib.

Sentyabrın 5-də isə AFFA-nın prezidenti Rövnəq Abdullayev tərəfindən İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil qərargahında Bakı şəhərinin final oyunlarına namizədliyi ilə bağlı hazırlanmış xüsusi prezentasiya təqdim olunub, UEFA və AFFA rəhbərliyinin görüşü keçirilib, UEFA İcraiyyə Komitəsinin namizəd stadionların imkanlarını obyektiv şəkildə araşdıracağına əminlik ifadə edilib.

2019-cu ildə keçiriləcək klub turnirlərinin final qarşılaşmasını qəbul edəcək stadionların adları sentyabrın 20-də UEFA İcraiyyə Komitəsinin Cenevrənin Nyon şəhərində keçirilən iclasında açıqlanıb. Beləliklə, birinci Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları kimi böyük idman tədbirlərin açılış və bağlanış mərasimlərinə ev sahibliyi etmiş Bakı Olimpiya Stadionu iki il sonra keçiriləcək UEFA Avropa Liqasının final oyununu qəbul edəcək.

UEFA Çempionlar Liqasının final matçına ev sahibliyi uğrunda Bakı Olimpiya Stadionunun rəqibi olan “Atletiko Madrid” klubunun “Vanda Metropolitano” stadionu qalib gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.