Las-Veqasda insanlara atəş açan şəxsin kimliyi müəyyənləşib VİDEO
Bakı, 2 oktyabr, AZƏRTAC
ABŞ polisi “Mandalay Bay” otelinin yaxınlığında keçirilən musiqi festivalının iştirakçılarına atəş açan şəxsin kimliyini müəyyənləşdirib.
AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, Las-Veqas şəhərinin şerifi Cozef Lombardo cinayəti törətməkdə şübhəli bilinən şəxsin yerli sakin olduğunu bildirib. “Şübhəli öldürülüb. Mən hələlik onun adını açıqlaya bilmərəm”, - deyə şerif əlavə edib.
Xatırladaq ki, ABŞ-ın Las-Veqas şəhərində oktyabrın 1-dən 2-nə keçən gecə baş verən silahlı hücum nəticəsində azı 20 nəfər həlak olub, 100-dən çox insan yaralanıb. Musiqi festivalın keçirildiyi məkana toplaşanlar otel-kazino kompleksinin 32-ci mərtəbəsindən avtomatik silahla atəşə tutulub.
Hazırda polis hadisə zamanı cinayətkarla birlikdə olan şəxsi axtarır. Lombardo onun Meri Lu Denli (Mary Lou Denley) adlı qız olduğunu deyib.