CƏMİYYƏT
IDEA Heyvanlara Qayğı Mərkəzində Ümumdünya Heyvanları Müdafiə Gününə həsr edilən “dəyirmi masa” keçirilib VİDEO

Bakı, 4 oktyabr, AZƏRTAC
Oktyabrın 4-ü Ümumdünya Heyvanları Müdafiə Günüdür.
İnsanlar müxtəlif səbəblərdən - ailə, maliyyə, psixoloji və digər səbəblərdən ev heyvanlarından ayrılırlar. Lakin səbəb nə dərəcədə üzürlü və ciddi olsa da, heyvanları küçəyə atmaq insafsızlıqdır. Əgər bir para adam rəhmsiz davranırsa, onda heyvanların qayğısına qalan, onlara kömək edənlər də olmalıdır.
Son illər Bakı və onun ətraflarında sahibsiz heyvanların sayının kəskin artması və onlara qarşı qeyri-insani rəftar hallarının çoxalması müşahidə edilir. Təbii ki, problemin mürəkkəbliyini nəzərə alsaq, onun istənilən bir şəxs, qrup və ya təşkilat tərəfindən həll edilməsi qeyri-mümkündür. Azərbaycanda bir çox heyvan müdafiəçiləri arasında münasibətlərin gərgin olmasına baxmayaraq, məsələnin birgə müzakirə edilməsinə, həll yollarının tapılmasına ehtiyac var. Bununla əlaqədar IDEA Heyvanlara Qayğı Mərkəzində “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Baytarlıq İdarəsinin, heyvanları müdafiə edən təşkilatların, Bakı Şəhər İcra Hakimiyyətinin mənzil-kommunal təsərrüfatı departamentinin və KİV-in nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Surxay Şükürov xatırladıb ki, IDEA Heyvanlara Qayğı Mərkəzinin təməli Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2014-cü il oktyabrın 9-da qoyulub, bu il martın 1-dən isə IDEA Heyvanlara Qayğı Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzin yaradılması Azərbaycanda sahibsiz heyvanlara insani münasibət istiqamətində böyük addımdır. Diqqətə çatdırılıb ki, Mərkəzdə pişiklər və itlər üçün klinika, bloklar, ayrı-ayrı karantin blokları yaradılıb. Burada, həmçinin himayə seksiyası, oyun meydançası, konfrans zalı, kafe və mağaza var. Mərkəz bəzi heyvanları yerləşdirməklə yanaşı, sahibsiz heyvanlarla bağlı problemin həllində əsas diqqətini sterilizasiyaya, xəstəliklərin qarşısının alınmasına, eləcə də himayənin və heyvanlara humanist yanaşmanın təşviqinə yönəldir. Məsələn, Mərkəzin baytarlıq klinikası həm küçə, həm də sahibi olan heyvanlara xidmət göstərir. Eyni zamanda, sponsorların dəstək və ianələrindən asılı olan Mərkəz fiziki və hüquqi şəxslərdən də maliyyə və digər yardımlar qəbul edir. Burada, həmçinin sahibsiz heyvanlara peyvənd, sterilizasiya ilə bağlı xidmətlər göstərilir, lazım gəldiyi halda cərrahi əməliyyatlar aparılır ki, bütün bunlar 2007-ci ildə Azərbaycanın qoşulduğu “Ev heyvanlarının mühafizəsi haqqında” Avropa Konvensiyasının müddəalarına uyğundur.
Yaranan problemləri birlikdə həll etməyin zəruriliyini vurğulayan S.Şükürov ictimaiyyəti əməkdaşlığa çağırıb.
Heyvanları müdafiə edən təşkilatların nümayəndələri tədbirdə çıxış edərək IDEA İctimai Birliyinin bu xeyirxah təşəbbüsünü və fəaliyyətini yüksək qiymətləndiriblər.
Tədbir zamanı Bakı və onun ətraflarında sahibsiz ev heyvanlarının vəziyyəti, onların sayının tənzimlənməsi və lazımi şərait yaradılması, onlara qarşı insani münasibətin formalaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
“Dəyirmi masa” çərçivəsində Azərbaycanın 2007-ci ildən qoşulduğu “Ev heyvanlarının mühafizəsi haqqında” Avropa Konvensiyasına uyğun olaraq, sahibsiz küçə heyvanlarına nəzarət modelinin tətbiq edilməsi, o cümlədən onların sterilizasiyası və sonradan öz areallarına qaytarılması işinin təşkili ilə bağlı təkliflər irəli sürülüb, bu sahədə tərəflər arasında əməkdaşlıq məsələləri müzakirə edilib.