SİYASƏT


Naxçıvanda Türkiyənin Cümhuriyyət bayramı qeyd olunub

Naxçıvan, 27 oktyabr, AZƏRTAC

Oktyabrın 27-də Türkiyə Cümhuriyyətinin yaradılmasının 94-cü ildönümü münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı baş konsulluğu tərəfindən rəsmi qəbul təşkil edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsmi qəbulda iştirak edib.

Tədbirdə Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri səsləndirilib.

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyətin yaradılmasının 94-cü ildönümü münasibətilə Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə göndərdiyi təbrik oxunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyənin müstəqillik bayramı - Cümhuriyyət elan edilməsinin 94-cü ildönümü münasibətilə tədbir iştirakçılarını və qardaş Türkiyə xalqını təbrik edərək deyib: Bu gün Azərbaycan-Türkiyə əlaqələri inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasında da faydalı əməkdaşlıq əlaqələri qurulmuşdur. Təhsil, səhiyyə, mədəniyyət, ticarət və iqtisadi sahələrdəki əlaqələrin inkişafı böyük məmnunluq doğurur. Bu günlərdə qardaş Türkiyə hökumətinin qəbul etdiyi yeni tənzimləmə qərarına görə Naxçıvan Muxtar Respublikasındakı istehsal müəssisələrinə Türkiyəyə məhsul ixracında sərbəst ticarət imkanı verilmişdir.

Ali Məclisin Sədri bu qərarı əlaqələrimizin daha da gücləndirilməsinə yönəlmiş mühüm addım kimi yüksək qiymətləndirib, qardaş Türkiyə Respublikasının dövlətinə və hökumətinə hörmətini bildirib, Cümhuriyyət bayramı münasibətilə bir daha təbriklərini çatdırıb, qardaş Türkiyə xalqına rifah və tərəqqi arzulayıb.

Türkiyənin Naxçıvandakı baş konsulu Nihat Ərşən çıxış edərək türk xalqının istiqlal mübarizəsindən, Türkiyə Cümhuriyyətinin yaranmasından və keçdiyi inkişaf yolundan danışıb. Qeyd olunub ki, Türkiyə-Azərbaycan əlaqələri bu gün sürətlə inkişaf edir, birgə layihələr həyata keçirilir. Nihat Ərşən Türkiyənin dost və qardaş Azərbaycanla əlaqələrinin inkişafında Naxçıvan Muxtar Respublikasının rolunu qeyd edib, bu sahədə həyata keçirilən tədbirlərin əməkdaşlığın inkişafına töhfə verdiyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.