REGİONLAR
Şimal bölgəsinin sakinləri səyyar “ASAN xidmət”dən faydalanmaq imkanı qazanıb VİDEO
Qusar, 31 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Səyyar “ASAN xidmət” oktyabrın 27-dən Qusar rayonunda fəaliyyət göstərir. Qusarla yanaşı, ətraf rayonların sakinləri də 30 gün ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin xidmətlərindən yararlanmaq imkanı qazanıblar.
AZƏRTAC xəbər verir ki, gün ərzində şimal bölgəsinin yüzə yaxın sakini göstərilən xidmətlərdən faydalanır. Vətəndaşlar “ASAN xidmət”ə daha çox notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi ilə bağlı müraciət edirlər.
Qusar səyyar “ASAN xidmət” qrupunun baş mütəxəssisi Nicat Zeynallı bildirib ki, şimal bölgəsinin sakinləri noyabrın 25-dək səyyar xidmətlərdən yararlana bilərlər. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə, Daxili İşlər nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi daxildir. Həmçinin vətəndaşlar mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışları, texniki pasportları, habelə daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışları, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışları, texniki pasportları əldə edə bilərlər.
Xidmətlərdən yararlanmaq istəyən vətəndaşlar saat 9-dan 18-dək Qusar şəhəri, Ləzgi Əhməd küçəsi 47 (Mərkəzi kitabxananın qarşısı) ünvanında fəaliyyət göstərən xidmət əməkdaşlarına müraciət etməlidirlər.