CƏMİYYƏT
Sabunçu qəsəbəsində “Uşaq Hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib
Bakı, 14 noyabr, AZƏRTAC
Sabunçu qəsəbəsində yerləşən 311 nömrəli tam orta məktəbin akt zalında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin elan etdiyi “Uşaq Hüquqları aylığı” çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat veriblər.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Esmira Muradova açıb. Rayon icra hakimiyyətinin başçısı yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi Səbahət Hünbətova, rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev və Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlar arasında profilaktiki işin təşkili şöbəsinin rəis müavini polis mayoru Asif Məlikov çıxış edərək Uşaq Hüquqları Konvensiyası, uşaq hüquqlarının dövlət tərəfindən müdafiəsi, yetkinlik yaşına çatmayanlar arasında qanunpozmalar haqqında və uşaqların qarşısında duran vəzifələr barədə məlumat veriblər.
Tədbirdə məktəbin şagirdləri ailədə uşaq hüquqlarını əks etdirən səhnəciklər və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.