REGİONLAR
Tur-aksiya iştirakçıları cənub bölgəsinə gəliblər
Lənkəran, 16 noyabr, Bağır Əliyev, AZƏRTAC
“Ölkəmizi tanıyaq” layihəsinin növbəti mərhələsi çərçivəsində təşkil edilən tur-aksiyanın Bakının Sabunçu, Nərimanov, Nizami və Binəqədi, eləcə də Zəngilan, Şuşa, Zaqatala, Balakən, Yevlax və Qax rayonlarının IX-XI sinif şagirdləri və onların müəllimləri noyabrın 16-da axşam saatlarında cənub bölgəsinə gəliblər.
AZƏRTAC xəbər verir ki, tur-aksiya iştirakçılarını Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyət nümayəndələri qarşılayıblar.
Lənkəran şəhərindəki Heydər Əliyev parkında məktəblilər qarşısında çıxış edən şəhər icra hakimiyyəti başçısının müavini Rəsilə Əliyeva “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyanın əhəmiyyətindən danışıb, cənub bölgəsinə səyahət edən məktəblilərə xoş arzularını çatdırıb.
Məktəblilər Heydər Əliyev Mərkəzində Ümummilli Liderin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Sonra tur-aksiya iştirakçıları Lənkərandakı “Qafqaz sahil”, “Lux” hotellərində, “Palıdlı sahil” və “Palmalife” istirahət mərkəzlərində, “Şah sarayı”nda yerləşiblər.
Şam yeməyindən sonra məktəblilər müxtəlif əyləncəli proqramlarda iştirak ediblər.
Noyabrın 17-də şagirdlər Lənkəran rayonu ilə tanış olacaqlar.