CƏMİYYƏT
Zabrat qəsəbəsində məktəb şagirdləri auditoriya qarşısında uşaq hüquqlarını nümayiş etdiriblər
Bakı, 17 noyabr, AZƏRTAC
Zabrat qəsəbəsindəki 81 nömrəli tam orta məktəbin akt zalında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) elan etdiyi “Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib.
Sabunçu rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, tədbiri giriş sözü ilə məktəbin direktoru Mehriban Əlizadə açıb.
Şagirdlər ailədə yaşamaq, təhsil almaq, istirahət etmək, inkişaf və müdafiə hüquqlarını əks etdirən səhnəciklər nümayiş edərək ədəbi -bədii kompozisiya ilə auditoriya qarşısında çıxış ediblər.
Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova və Ombudsman Aparatının uşaq hüquqları üzrə ixtisaslaşmış müşaviri Nigar Ağayeva çıxış edərək Uşaq Hüquqları Konvensiyası, uşaq hüquqlarının dövlət tərəfindən müdafiəsi və uşaqların qarşısında duran vəzifələr barədə məlumat veriblər.