MƏDƏNİYYƏT
Görkəmli bəstəkarın son beş ildəki zəhmətinin bəhrəsi - “Atatürk” operası
Bakı, 24 noyabr, AZƏRTAC
Görkəmli bəstəkar, Əməkdar Müəllim, professor Oqtay Rəcəbovun “Atatürk” operası bu günlərdə kitab halında çap olunub.
Operanın yaranma səbəbləri barədə AZƏRTAC-a məlumat verən Oqtay Rəcəbov deyib ki, bu, onun türklərə, türk dünyasına sonsuz sevgisindən qaynaqlanıb. “İndiyə kimi beş opera yazmışam və onlar səhnə həyatı yaşayıb. Bu, sayca altıncıdır. Türkiyə Cümhuriyyətinin qurucusu Atatürk haqqında çoxdan opera yazmağı düşünürdüm, axır ki, buna nail oldum”, - deyə bəstəkar bildirib.
Əsər üzərində beş il çalışdığını söyləyən bəstəkar deyib ki, operanı Akif Abbasovun “Atatürk” pyesinin materialları əsasında yazıb. Operanın libretto müəllifləri Akif Abbasov, Babək Abbaszadə, musiqi redaktoru Əməkdar İncəsənət Xadimi, professor Gülnaz Abdullazadədir.
Bəstəkar operanın kitab halında çapını əsərin gələcək nəsillərə olduğu kimi çatdırmaq məqsədilə etdiyini deyib. Qeyd edib ki, Türkiyənin rəsmi şəxslərinə göndərilən bu operanın hazırda orkestr üçün işlənilməsi nəzərdə tutulur. Bundan sonra əsər Bakıda və qardaş Türkiyədə səhnəyə qoyulacaq. Onun sözlərinə görə, əsəri üç yerdə - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının opera studiyası, Azərbaycan Dövlət Akademik Opera Balet Teatrı və Türkiyənin şəhərindən birində opera teatrında səhnələşdirmək olar.
Əsərdə türk şairləri Tofiq Fikrət və Məhmət Akif Ərsoyun şeirlərindən istifadə olunduğunu deyən bəstəkar, operada Atatürk obrazını Koroğlunun prototipi kimi yaratdığını, hər iki qəhrəmanın xarakterinə görə bir-birini tamamladığını söyləyib. Belə ki, onların hər iksi zülmkarlara, işğalçılara qarşı mübarizə aparıb. Sözsüz ki, əsərdə qəhrəmanların həyat yoluna fərqli nüanslar, yanaşmalar da çoxdur.
Oqtay Rəcəbov deyib ki, operanı yazarkən Atatürkün obrazını canlandıracaq ifaçını da müəyyən edib. Onun sözlərinə görə, həmin obrazı Azərbaycanın Xalq artistləri Azər Zeynalov və Samir Cəfərov oynaya bilər. Çünki bu ifaçıların hər birində yaradılan obraza uyğun xüsusiyyətlər var. İnanıram ki, opera tezliklə tamaşaçılara təqdim olunacaq.