REGİONLAR
Milli-mənəvi və dini dəyərlərimizin təbliğində media təmsilçilərinin üzərinə böyük vəzifə düşür VİDEO
Quba, 27 noyabr, Elxan Yusifli, AZƏRTAC
Milli-mənəvi və dini dəyərlərimizin təbliğ və təşviq edilməsində, dinin düzgün formada ictimaiyyətə çatdırılmasında media təmsilçilərinin üzərinə böyük vəzifə düşür. Jurnalistlər dinin düzgün təbliğində, dini radikalizmlə mübarizədə fəal olmalı, terrorizmə və ekstremizmə qarşı tənqidi mövqe nümayiş etdirməlidirlər.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Qubada “Din-media münasibətləri: mövcud vəziyyət və beynəlxalq təcrübə” mövzusunda keçirilən seminar-treninqdə səsləndirilib.
Qafqaz Müsəlmanları İdarəsi və Mətbuat Şurası ilə birgə təşkil olunan ikigünlük seminara ölkəmizdə fəaliyyət göstərən media qurumlarının əməkdaşları və mütəxəssislər qatılıblar.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov konfransın əhəmiyyətindən bəhs edərək bildirib ki, ölkəmizdə dövlət-din münasibətləri normal məcrada inkişaf edir. Azərbaycan çoxkonfessiyalı ölkədir və burada ayrı-ayrı dini konfessiyalar bərabər şəkildə fəaliyyət göstərir.
Gündüz İsmayılov qeyd edib ki, dini mövzulara müraciət edən jurnalistlər bu istiqamətdə yazılar hazırlayarkən dindən sui-istifadə, dini siyasiləşdirməyə cəhd, dinlərin daxilində ayrı-ayrı cərəyanların meydana gəlmə hallarını nəzərə almalı, diqqətli olmalı və mövzuya həssaslıqla yanaşmalıdırlar. Məzhəbçiliyin güclənməsi, eləcə də xurafat meyillərinin çoxalması, dini təhsilin dünyəvi təhsilə qarşı qoyulması, qız uşaqlarının məktəbdən uzaqlaşdırılması, dini radikalizm fikirlərinin yayılması tendensiyalarının müşahidə edildiyinə diqqət çəkən sədr müavini cəmiyyətdə dinlə bağlı belə problemlərin yaranmasının arzuolunmaz hal olduğunu bildirib. Vurğulanıb ki, ideoloji sahədə yaranmış bütün bu problemləri həll etmək üçün dövlət qurumları ilə yanaşı, jurnalistlər də öz töhfələrini verməlidirlər.
“Bəzi radikal, məzhəbçi dini qruplar sosial şəbəkələr, internet vasitəsilə öz təbliğatlarını davam etdirməyə çalışırlar. Dini dözümsüzlük əsasən xaricdən idarə olunan dini saytlar, xəbər portalları tərəfindən nümayiş etdirilir. Bu isə onu deməyə əsas verir ki, həmin dini qruplar Azərbaycanda medianın dini məsələlərə sağlam yanaşmasını gördükləri üçün buna alternativ kimi xaricdən idarə olunan media formalaşdırmağa çalışırlar. Bu cür xəbər portallarına qarşı ciddi mübarizə aparılır. Bu cür dini təhdidlərə qarşı mübarizədə media mühüm dəstək göstərir və bundan sonra da bu istiqamətdə KİV-in dəstəyinə güvənirik”, - deyə G.İsmayılov diqqətə çatdırıb.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini önə çəkərək bildirib ki, Azərbaycan tolerant ölkədir və respublikamızda mövcud olan bu mühitin təbliğində medianın rolu böyükdür. O qeyd edib ki, xarici qüvvələrin dindən sui-istifadə cəhdlərinin qarşısının alınmasında media nümayəndələrimizin fəaliyyəti önəmlidir: “Jurnalistlər dini sahədə yazı yazarkən ictimaiyyəti çaşdırmamalı, məlumatları düzgün çatdırmalıdırlar. Azərbaycan mətbuatı tarixən dini xurafata qarşı mübarizə aparıb. Dinlə bağlı yazılar, reportajlar hazırlayan media təmsilçiləri Azərbaycanda hansı dinə məxsus insanların yaşadığını, dini istiqamətləri bilməlidirlər. Bunları bilməsək, dinlər arasında münasibətləri düzgün formalaşdıra bilmərik. Biz Azərbaycanda dinin coğrafiyasını və dini prosesləri dərindən bilməliyik ki, yarana biləcək problemlərin qarşısını alaq”.
Ə.Amaşov bildirib ki, Mətbuat Şurası yarandığı vaxtdan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi ilə sıx əməkdaşlıq edir və jurnalistlərin dini biliklərini artırmaq üçün müxtəlif seminarlar və tədbirlər keçirir.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı çıxışında seminarın əhəmiyyətini vurğulayaraq, din-media münasibətlərinin həmişə aktual olduğunu diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycanda bütün ənənəvi dinlərin ibadət yerləri, məscidlər, kilsələr, sinaqoqlar və s. var və insanlar sərbəst şəkildə ibadətlərini, dini ayinlərini yerinə yetirə bilirlər. Müstəqillik dövründə milli-mənəvi dəyərlərin qorunub saxlanması, təbliği, tarixi-dini abidələrin bərpasına xüsusi önəm verilir.
İki gün davam edəcək seminarda “Din-media münasibətləri: beynəlxalq təcrübə”, “Media və din: stereotiplər və problemlər”, “Azərbaycanda mövcud dini durum və media”, “Media və din: informasiya və maarifləndirmə” mövzularında məruzələr dinləniləcək.
Seminar iştirakçıları tədbirin son günü Quba Soyqırımı Memorial Kompleksini də ziyarət edəcəklər.