Cənubi Koreya şimal qonşusuna yaxın ərazidə raket təlimləri keçirib VİDEO
Bakı, 29 noyabr, AZƏRTAC
Cənubi Koreya hərbçiləri Koreya Xalq Demokratik Respublikası ilə sərhəd ərazilərdə raket atəş təlimi keçiriblər.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, təlim Şimali Koreyanın bu gecə həyata keçirdiyi ballistik raket buraxılışından bir neçə dəqiqə sonra baş tutub. Cənubi Koreyanın quru qoşunları hərbi dəniz və hərbi hava qüvvələrinin kontingenti təlimində şərti hədəflərə birgə atəş tapşırıqlarını yerinə yetiriblər. Atəş nöqtələrinin uzaqlığı ölkənin Şimali Koreyanın raket buraxdığı məntəqə arasındakı məsafə ilə təxminən eyni olub.
Cənubi Koreya Birləşmiş Qərargahlar Rəisləri Komitəsinin məlumatında deyilir ki, “Hyunmoo-II”, “Haesong-II” və “SPICE-2000” raketlərindən atəş həyata keçirildiyi təlim Şimali Koreyanın ballistik raket buraxılışına çevik cavab xarakteri daşıyıb. Bildirilib ki, silahlı qüvvələr Şimali Koreyanın bütün hərbi fəaliyyətini daim diqqətdə saxlayır.