CƏMİYYƏT
Vətəni sevmək azdır, onu qorumaq gərək...
Bakı, 1 dekabr, AZƏRTAC
Sabunçu rayonundakı 94 nömrəli tam orta məktəbdə hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbir dövlət himninin səslənməsi ilə başlayıb, Qarabağ torpaqlarının azadlığı, suverenliyi uğrunda şəhid olan vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şagirdlər vətənpərvərlik mövzusunda bədii kompozisiya göstəriblər.
Rayon icra hakimiyyəti başçısının müavini Rəna Fərəcova çıxış edərək gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi üçün belə tədbirlərin əhəmiyyətindən, gənclərdə vətənpərvərlik ruhunun aşılanması istiqamətində aparılan işlərdən, ölkəmizdə həyata keçirilən hərbi quruculuq, müdafiə sənayesi sahəsindəki islahatlar barədə danışıb, gənclərin vətənpərvər yetişməsində valideynlərlə yanaşı, təhsil ocaqlarının da çox böyük rol oynadığını xüsusi vurğulayıb.
“Qarabağ müharibəsi əlilləri, şəhid ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev öz çıxışında Qarabağın azadlığı uğrunda vətən övladlarının döyüş əzmi, göstərdiyi qəhrəmanlıq və igidlik nümunələrindən söhbət açıb.
Rayonun ictimai həyatında səmərəli fəaliyyətlərinə görə bir qrup Qarabağ müharibəsi əlili və veteranlarına fəxri fərmanlar təqdim edilib.
İctimai-siyasi fəallığına görə bir qrup Qarabağ müharibəsi əlili və veteranına İctimai Birliyinin təsis etdiyi medallar verilib.
Sonra tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.