Avstriyada qaz terminalında partlayışın texniki səbəbdən baş verdiyi ehtimal olunur VİDEO
Vyana, 12 dekabr, AZƏRTAC
Avstriyanın “Baumqarten” qaz terminalında partlayışın texniki səbəblərdən baş verdiyi ehtimal olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat həmin terminalı istismar edən “Gas Connect” şirkəti yayıb. Şirkətdən, həmçinin bildirilib ki, bütün terminalın fəaliyyəti nəzarətli şəkildə dayandırılıb və qaz nəqli digər kəmərlərə yönəldilib. Ölkədaxili qaz təchizatında fasilələr yaranmasa da, cənub istiqamətində qaz təchizatı qismən dayandırılıb.
Qeyd edək ki, Avropanın qaz təminatında xüsusi çəkiyə malik olan “Baumqarten” terminalı Rusiya, Norveç və digər istehsalçı ölkələrdən Qərbi Avropaya uzanan qaz kəmərlərinin qovuşduğu əsas paylayıcı məntəqədir. İl ərzində 40 milyard kubmetr qaz bu terminal vasitəsilə digər Avropa ölkələrinə ötürülür. Rusiyadan Qərbi Avropaya nəqli edilən qazın üçdəbiri bu qovşaqdan Qərbi Avstriya, Transavstriya, Macar-Avstriya və digər kəmərlər vasitəsilə paylanılır. Hazırda İtaliya, Macarıstan, Sloveniya istiqamətində qazın nəqli dayandırıldığına görə, bu ölkələrdə təchizatla bağlı çətinliklər yarana bilər. “Gas Connect” şirkətinin rəsmisi Armin Tayxert Avstriya Teleradiosuna verdiyi açıqlamada qısa müddət ərzində bu ölkələrin qaz təchizatını digər kəmərlər hesabına təmin edə biləcəklərini bildirib.
Xatırladaq ki, terminalın qaztəmizləyici filterlər yerləşən blokunda baş verən partlayış nəticəsində bir nəfər həlak olub və biri ağır olmaqla 21 nəfər yaralanıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana