Milli Məclisin komitə iclasında bələdiyyələrlə bağlı iki məsələyə baxılıb
Bakı, 19 dekabr, AZƏRTAC
Dekabrın 19-da Milli Məclisin regional məsələlər komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitənin sədri Arif Rəhimzadə əvvəlcə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanuna təklif olunan dəyişiklik barədə məlumat verdi. Bildirildi ki, qanunun 7.2-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən qəbiristanlıqların yerləşdiyi bələdiyyə torpaqları xüsusi mülkiyyətə verilməyəcək. Layihədə bildirilir ki, ümumi istifadədə olan küçə, meydan, bələdiyyə yolları, təsərrüfatdaxili yollar, parklar, meşələr, bulvarlar, çimərliklər, sahillər, keçidlər, stadionlar, qəbiristanlıqlar və idman meydançalarının altındakı torpaqlar, qoruyucu meşə zolaqları, yerli əhəmiyyətli obyektlərin, hidrotexniki qurğuların yerləşdiyi torpaqlar, örüş sahələri, meşə və su fondu əraziləri, habelə hüquqi və fiziki şəxslərin icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı torpaqları xüsusi mülkiyyətə verilə bilməz.
Sonra komitə sədri “Bələdiyyələrin statusu haqqında” qanun layihəsinə təklif edilən dəyişikliyi diqqətə çatdırdı. Qeyd olundu ki, sənəddə qəbiristanlıqların salınması və idarə olunmasında bələdiyyələrin üzərinə düşən vəzifələrin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun həyata keçirilməsini təmin etmək məqsədilə qanunda bəzi dəyişikliklər edilib. Arif Rəhimzadə layihəni şərh edərək bildirdi ki, indiyə qədər qəbirlərin qorunmasına dünyasını dəyişmiş şəxslərin yaxınları nəzarət edirdisə, artıq buna müvafiq icra hakimiyyəti cavabdeh olacaq.
Komitə üzvləri Tahir Rzayev, Fəzail İbrahimli, Azər Badamov, Kamran Bayramov çıxış edərək hər iki sənədin yerli özünüidarəetmə orqanlarının işində səmərəli olacağını, bələdiyyələrin fəaliyyətinə müsbət təsir göstərəcəyini, sənədlərin mütərəqqi əhəmiyyət daşıdığını vurğuladılar.
Layihələr Milli Məclisin plenar iclasına tövsiyə edildi.