CƏMİYYƏT
Sabunçu rayonunda qəyyumluqda olan uşaqlarla əlaqədar yeni layihə həyata keçirilməyə başlanıb
Bakı, 22 dekabr, AZƏRTAC
Sabunçu rayonunda yaşayan valideyn himayəsindən məhrum olmuş və qəyyumluğa verilmiş uşaqların yaşayış şəraitlərinin yoxlanılması, mənzil-məişət vəziyyətlərinə baxış keçirilməsi və cari ehtiyaclarının ödənilməsi məqsədi ilə yeni layihə həyata keçirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, “Qəyyumluqda olan hər uşağa diqqət və qayğı!” adı ilə keçirilən layihə on ay davam edəcək. Həmin müddətdə rayonun bütün qəsəbələrində ayda üç ailədə monitorinq aparılacaq, qəyyumluqda olan uşaqlarla görüş keçiriləcək və onların müxtəlif ehtiyacları ödəniləcək.
Layihə çərçivəsində ilk tədbir rayonun Kürdəxanı qəsəbəsində yaşayan valideyn himayəsindən məhrum olmuş və qəyyumluğa verilmiş uşaqların yaşayış şəraitlərinə baxış keçirilib, ailənin mənzil-məişət vəziyyətləri yoxlanılıb. Ailədə yaşayanlara müxtəlif hədiyyələr və ərzaq bağlamaları təqdim edilib, uşaqlarla söhbət aparılıb. Tədbirdə Milli Məclisin üzvü Dilarə Cəbrayılova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Tural Hüseynzadə, rayon icra hakimiyyəti başçısının müavini Rəna Fərəcova, rayon icra hakimiyyətində fəaliyyət göstərən qəyyumluq və himayəçilik komissiyasının katibi Səbahət Hünbətova, Qızıl Aypara Cəmiyyətinin rayon təşkilatının sədri Elmira Melikova və Kürdəxanı bələdiyyəsinin sədri Heyran Kərimova iştirak ediblər.