Hindistanda avtobusun çaya aşması nəticəsində azı 30 nəfər həlak olub VİDEO
Bakı, 23 dekabr, AZƏRTAC
Hindistanın şimalında avtobusun çaya aşması nəticəsində azı 30 nəfər həlak olub, 15 nəfər isə ciddi xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, India Today telekanalının yaydığı məlumata görə, Racasthan ştatının Savay-Madhopur şəhərindən Lalsot yaşayış məntəqəsinə gedən avtobusun sürücüsü yüksək sürət səbəbindən idarəetməni itirib və avtobus körpüdən Banas çayına aşıb. Qəza zamanı avtobusda 50-yə yaxın insanın olduğu bildirilir.
Yol-nəqliyyat hadisəsi nəticəsində yaralanan insanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Hazırda insidentin baş verdiyi ərazidə xilasetmə əməliyyatı aparılır.
Avtomobil yollarında sıxlıq, yol örtüyünün pis vəziyyətdə olması və sürücülərin intizamsızlığı Hindistanda ciddi yol-nəqliyyat hadisələri ilə müşayiət olunur. Rəsmi məlumata əsasən, hər gün qəzalar nəticəsində ölkədə 400 nəfərə qədər, il ərzində isə təxminən 150 min insan həyatını itirir.