Pensilvaniyada iki gün ərzində son 60 ilin rekord qarı yağıb VİDEO
Bakı, 27 dekabr, AZƏRTAC
ABŞ-ın Pensilvaniya ştatının Eri şəhərinə 30 saat ərzində 130 santimetr hündürlüyündə qar yağıb. Bu, 1958-ci ildən bəri müşahidə olunan rekord göstəricidir. Həmin il Morqantaun şəhərinə yağan qarın qalınlığı 110 santimetrə çatmışdı.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ Milli Meteoroloji Xidmətinin məlumatına əsasən, ştata dekabrın 25-də 86 santimetr, növbəti gün isə daha 40 santimetr qar yağıb.
Regionda fövqəladə vəziyyət rejimi tətbiq olunub. Sinoptiklər qarın daha bir həftə yağmaqda davam edəcəyini bildiriblər.
Yerli aeroportların işində fasilələr yaranıb. Şəhər sakinlərinə qar kəsənə qədər evlərindən çıxmamaq tövsiyə edilib. Ştat polisi və nəqliyyat departamenti sürücüləri yola çıxmamağa çağırıb.