Nyu-Yorkda yanğın: 12 nəfər həlak olub, 4 nəfər ağır yaralanıb VİDEO
Vaşinqton, 29 dekabr, AZƏRTAC
Dekabrın 28-də axşamçağı Nyu-Yorkun Bronks rayonunda yanğın baş verib. Nəticədə azı 12 nəfər həlak olub. Daha dörd nəfərin vəziyyətinin ağır olduğu bildirilir. Həlak olanlar arasında bir yaşlı körpə də var.
AZƏRTAC xəbər verir ki, Nyu-Yorkun meri Bill de Blazio mətbuat nümayəndələri qarşısında çıxışında bu hadisəni “uzun illər ərzində ən dəhşətli ölümlə nəticələnmiş hadisələrdən biri” adlandırıb. Mer daha sonra qeyd edib ki, həlak olanların sayının 12 nəfər olması yalnız ilkin məlumatdır və yanğın qurbanlarının sayı arta bilər.
Yanğınsöndürmə xidmətinin komissarı Daniel Niqro deyib ki, yanğın beşmərtəbəli binanın birinci mərtəbəsindən başlanıb və daha sonra yuxarı mərtəbələrə yayılıb. Onun sözlərinə görə, “yanğının səbəbi barədə danışmaq hələ çox tezdir”.
Təhqiqat davam edir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton