DÜNYA
Filippində vulkan püskürməsi təhlükəsi ilə əlaqədar 12 min nəfər təxliyə olunub VİDEO
Bakı, 15 yanvar, AZƏRTAC
Filippində Mayon vulkanının püskürməsi təhlükəsi ilə əlaqədar 12 mindən çox insan təxliyə olunub.
AZƏRTAC xəbər verir ki, Filippinin PNA agentliyinin yaydığı məlumata görə, şənbə günü axşam saatlarında vulkan aktivləşdiyi üçün təxliyə barədə qərar verilib. Fövqəladə Vəziyyətlər üzrə Milli İdarənin nümayəndəsi Mina Marasiqan təhlükəli ərazilərdən ümumilikdə 3061 ailənin - 12044 nəfərin təxliyə olunduğunu bildirib. O, həmçinin bir sıra yerlərdə məcburi təxliyə tədbirlərinin aparıldığını da deyib.
Yanvarın 15-də Mayonda vulkanik günbəzin dağılması qeydə alınıb. Filippin Vulkanologiya və Seysmologiya İnstitutunun nümayəndələri lava püskürməsi nəticəsində Kamaliq və Polanqi şəhərlərinin kül qatı ilə örtüldüyü barədə məlumat yayıblar.
Yerli hökumət təxliyə olunan insanları yerləşdirmək üçün regiondakı məktəblərdə məşğələləri dayandırıb. Təcili tibb xidmətləri tam hazırlıq vəziyyətinə gətirilib, mülki aviasiya təyyarələrinə vulkanın yaxınlığında uçmamaq tövsiyə olunub.