İsveçrə Alplarında ən yüksək qar uçqunu təhlükəsi elan olunub VİDEO
Bakı, 23 yanvar, AZƏRTAC
İsveçrə Alplarında ən yüksək - beşinci dərəcə qar uçqunu təhlükəsi elan olunub. Bölgəyə yağan güclü qar səbəbindən məşhur Sermatt və Andermat kurortları ilə avtomobil və dəmiryol əlaqəsi kəsilib.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, sürəti saatda 130 kilometrə çatan güclü külək vəziyyəti daha da mürəkkəbləşdirir. Ötən istirahət günlərində iki dağ xizəkçisini təhlükəsiz əraziyə yalnız helikopter vasitəsilə aparmaq mümkün olub.
İtaliyada isə turistlər, işçilər və yerli sakinlər də daxil olmaqla, 5 min nəfərə yaxın insan Çerviniya dağ xizəkçiliyi kurortundan çıxa bilmir.
Avstriyada son 19 ildə ilk dəfə olaraq qar uçqunu riski ən yüksək həddə çatıb. Hökumət orqanları xizəkçilərə hələlik kurortlara getməməyi tövsiyə edib. Həftə ərzində çox yerdə qar örtüyünün qalınlığı 3 metrə çatıb.
Qar yığını Rumıniyada yolları bağlayaraq bir neçə kəndin ətraf aləmlə əlaqəsini kəsib. Qartəmizləyən maşınlar bütün sutka ərzində dayanmadan işləsə də, yolları tam təmizləmək mümkün olmur.