Bişkekdə anomal şaxtalar 15 nəfərin həyatına son qoyub VİDEO
Bakı, 26 yanvar, AZƏRTAC
Yanvarın əvvəlindən bəri Qırğızıstan paytaxtında donvurma nəticəsində 15 nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, Bişkek şəhər baş polis idarəsi mətbuat xidmətinin məlumatına əsasən, məhkəmə-tibbi ekspertizası 15 nəfər evsiz insanın donaraq öldüyü barədə ilkin rəy verib. Bişkekin hüquq mühafizə orqanları anomal şaxtalarla əlaqədar küçələrdə donan insanları aşkara çıxarmaq üçün reydlər keçirir. Şəhərdə sutkalıq növbə çəkən polis idarəsinin əməkdaşları 85 nəfəri sığınacağa aparıblar.
Qırğızıstan Fövqəladə Hallar Nazirliyi dünən bütün ölkə ərazisində daha kəskin soyuqlar düşəcəyi barədə xəbərdarlıq yayıb. Sinoptiklərin məlumatına görə, yanvarın 26-dan başlayaraq dağlıq rayonlarda havanın temperaturu -45 dərəcəyədək enə bilər. FHN-in bütün bölmələri gücləndirilmiş iş rejiminə keçib, məktəblərdə tədris prosesi dayandırılıb.