Cənubi Koreyada yanğın nəticəsində həlak olanların sayı 41 nəfərə çatıb VİDEO
Bakı, 26 yanvar, AZƏRTAC
Cənubi Koreyanın Miryan şəhərindəki xəstəxanada baş verən yanğın nəticəsində həlak olanların sayı artmaqda davam edir.
AZƏRTAC Yonhap informasiya agentliyinə istinadla xəbər verir ki, son məlumata görə, ölənlərin sayı 41 nəfərə çatıb, 70 nəfərə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan 9-nun vəziyyəti ağırdır.
Xatırladaq ki, yanğın yanvarın 26-da yerli vaxtla saat 07:30-da kral Sejong adına xəstəxananın birinci mərtəbəsində, təxirəsalınmaz yardım şöbəsində başlayıb. Həmin vaxt xəstəxanada 110-dan çox pasiyent olub. Yanğının söndürülməsi iki saat vaxt aparıb.
Ölkə prezidenti Mun Çe-in insidentlə bağlı təcili iclas çağırıb və bu cür hadisələrin baş verməməsi üçün lazımi tədbirlərin görülməsini tapşırıb.
Bir müddət öncə, ötən ilin dekabr ayında Seuldan 170 kilometr məsafədə yerləşən Çeçhon şəhərinin mərkəzində də güclü yanğın baş vermişdi. Həmin vaxt 8 mərtəbəli binanın ikinci mərtəbədə yerləşən fitnes-mərkəzinin saunasında 29 nəfər həlak olmuş, 26 nəfər xəsarət almışdı.