CƏMİYYƏT
Zabrat qəsəbəsində məktəblilər narkomaniyaya “yox” söyləyiblər
Bakı, 26 yanvar, AZƏRTAC
Sabunçu rayonu, Zabrat qəsəbəsi 81 nömrəli tam orta məktəbdə “Biz narkomaniyaya yox deyirik” mövzusunda maarifləndirici tədbir keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə narkotik vasitələrdən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən videoçarxı izləyiblər.
Tədbiri giriş sözü ilə Sabunçu Rayon İcra Hakimiyyətində şöbə müdirinin müavini Ədalət Teymurov açaraq müasir dövrün ən təhlükəli sosial bəlalarından olan narkomaniya, onun gətirdiyi fəsadlar və faciələr barədə məlumat verib.
Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov, Narkoloji Dispanserinin həkim-narkoloqu Pərvin Abbasova, Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev çıxış edərək respublikada narkomanlığın yayılması ilə mübarizənin gücləndirilməsi, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması üçün antinarkotik təbliğatın, maarifləndirici tədbirlərin əhəmiyyəti haqqında danışıblar, gənc nəslin sağlamlığının qorunması istiqamətində fikir və təkliflər irəli sürüblər. Yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması, gənc nəslin vətənpərvər ruhda böyüməsi və sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən islahatlar, Dövlət Proqramından irəli gələn işlərin icra vəziyyəti barədə ətraflı söhbət gedib.
Sonra mövzu ətrafında şagirdləri maraqlandıran suallara cavablar verilib.