CƏMİYYƏT


Anar Bağırov: Vəkilliyə qəbul imtahanları gələcəkdə də intensiv keçiriləcək VİDEO

Bakı, 28 yanvar, Məhərrəm Əlioğlu, AZƏRTAC

İki minədək namizədin iştirak etdiyi, vəkilliyə qəbulla bağlı test imtahanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkə vətəndaşlarının hüquqi yardım alma haqlarının daha səmərəli təşkili ilə bağlı vəkillərin sayının artırılaraq lazımi həddə çatdırılması barədə tövsiyəsinə əsasən, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Dövlət İmtahan Mərkəzi ilə birgə keçirilib.

AZƏRTAC xəbər verir ki, bunu Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov yanvarın 28-də keçirilən vəkillik imtahanı ilə bağlı jurnalistlərə müsahibəsində deyib.

A.Bağırov bildirib: “Sevindirici haldır ki, bugünkü imtahan namizədlərin sayına görə indiyədək hüquq peşəsinə qəbulla bağlı keçirilən test imtahanları ilə müqayisədə ölkə tarixində rekord təşkil edir. Test imtahanında ölkəmizin bütün regionlarından namizədlər iştirak ediblər. Regionlarda vəkillərin azlığı ilə bağlı problem bu imkanlar nəticəsində həllini tapacaq. Dövlət İmtahan Mərkəzi ilə əldə edilən razılığa əsasən gələcəkdə də vəkilliyə qəbul imtahanları tez-tez keçiriləcək və bütün namizədlər üçün lazımi şərait yaradılacaq”.

Sədr qeyd edib ki, imtahan yerli və beynəlxalq müşahidəçilərin, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə şəffaflıq şəraitində aparılıb. İmtahanda namizədlərə hüququn müxtəlif sahələrinə aid, hər biri 1 balla qiymətləndirilən 100 sual təqdim olunub. Ən az 60 suala cavab verən şəxs lazımi keçid balını toplayaraq növbəti mərhələyə buraxılacaqlar.

Qeyd olunub ki, vəkilliyə qəbulla bağlı peşə hazırlığının yoxlanması üzrə imtahan iki mərhələdən - test imtahanı və şifahi mərhələdən ibarətdir. Bundan sonra Ədliyyə Akademiyasında peşəyə buraxılış üzrə müvafiq kursları uğurla başa vuran namizədlər and içərək Vəkillər Kollegiyasının üzvlüyünə qəbul ediləcəklər.

Test imtahanından sonra Vəkillər Kollegiyasının ixtisas komissiyası şifahi imtahan mərhələsi ilə bağlı müvafiq qərar qəbul edəcək və bu barədə məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.