DÜNYA
Kabildə hərbi akademiyaya hücum zamanı həlak olanların sayı 11 nəfərə çatıb VİDEO
Bakı, 29 yanvar, AZƏRTAC
Kabildə hərbi akademiyaya hücum nəticəsində həlak olanların və zərər çəkənlərin sayı artıb.
AZƏRTAC xəbər verir ki, Tolo News telekanalının Əfqanıstan Müdafiə Nazirliyinin nümayəndəsinə istinadla yaydığı məlumata görə, ölənlərin sayı 11 nəfərə çatıb, daha 16 nəfər yaralanıb.
Yanvarın 29-da səhər bir qrup silahlı şəxs Kabildə yerləşən Marşal Fəhim adına hərbi akademiyaya hücum edib. Təhlükəsizlik qüvvələri təhsil müəssisəsinə gedən yolu bağlayıb. Akademiyanın ərazisində atəş və partlayış səsləri eşidilib. Hücumda 5 silahlı iştirak edib. Onların 4-ü öldürülüb, biri isə sağ olaraq ələ keçirilib.
Hücumun məsuliyyətini İŞİD qruplaşmasının öz üzərinə götürdüyü bildirilir.
Bu, son on gündə Kabildə törədilən üçüncü irimiqyaslı terror aktıdır. Ötən şənbə günü “Taliban” silahlıları Əfqanıstan paytaxtının xarici ölkə səfirlikləri və hökumət binalarının yerləşdiyi Vəzir-Əkbər-Xan məhəlləsində partlayış törədiblər. Ölkə tarixində ən böyük terror aktlarından biri olan bu hücum nəticəsində 103 nəfər həyatını itirib.
Bundan bir müddət əvvəl, yanvarın 20-də isə “Taliban” hərəkatının silahlıları Kabildə “Intercontinental Hotel” mehmanxanasına hücum etmişdilər. Nəticədə 43 nəfər, o cümlədən çox sayda xarici ölkə vətəndaşları həlak olmuşdu. ABŞ Dövlət Departamenti bu terror aktının qurbanları sırasında 4 amerikalının da olduğunu təsdiqləyib.