CƏMİYYƏT
Antikorrupsiya və etik davranış qaydaları ilə bağlı təlimlərdə 120-dən çox dövlət qulluqçusu iştirak edib
Bakı, 31 yanvar, AZƏRTAC
Azərbaycan Antikorrupsiya Akademiyası (AZAKA) Azərbaycan Respublikası Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının və “ASAN” Təlim-Tədris Mərkəzinin dəstəyi ilə regionlarda dövlət qulluqçuları üçün silsilə təlimlər təşkil edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, bu ilin yanvarında Masallı, Bərdə, Qəbələ, Quba və Sabirabad rayonlarında keçirilən təlimlərdə 120-dən çox dövlət qulluqçusu iştirak edib. Əsas mövzu “Etik davranış və korrupsiyaya qarşı mübarizə texnikaları” olub.
Təlimlər çərçivəsində iştirakçılara düzgün dövlət idarəçiliyi, etik davranış qaydaları, səmərəli xidmət mədəniyyətinin əsas şərtləri, ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən institusional və qanunvericilik islahatları, o cümlədən korrupsiyaya qarşı mübarizə texnikaları - şəffaflıq, ictimai nəzarət, hüquqi maarifləndirmə, onlayn və real mübarizə metodları barədə seminarlar keçirilib. İştirakçılar qruplar formasında korrupsiyanın qarşısının alınması üzrə keyslərə fəal qatılıb və təqdimatlar ediblər.
AZAKA tərəfindən 2018-ci ildə dövlət qulluqçuları, hüquq mühafizə orqanlarının əməkdaşları, ədliyyə qulluqçuları, özəl sektorun nümayəndələri, tələbələr və digər hədəf qruplar üçün 47 təlim, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış peşəkarların iştirakı ilə beş “Şəffaf forum”, korrupsiya və ona qarşı mübarizə ilə bağlı yeddi kino klub, teatr səhnəciyi, rəsm sərgilərin keçirilməsi nəzərdə tutulur.
Bundan başqa, AZAKA ilk dəfə olaraq, ölkəmizdə “Beynəlxalq şəffaflıq” təşkilatının “Beynəlxalq Korrupsiya Barometri” əsasında Milli Korrupsiya Barometri hazırlayıb. Həmin hesabatda 2500 vətəndaş arasında sorğu keçirilib. Sorğunun nəticələri fevralda açıqlanacaq.
AZAKA-nın fəaliyyəti ilə bağlı daha ətraflı məlumatı https://www.facebook.com/academy.az/ , https://www.instagram.com/azacademy_/ linklərindən almaq mümkündür.