CƏMİYYƏT
Sabunçu rayonunda Azərbaycan Gəncləri Günü qeyd edilib
Bakı, 31 yanvar, AZƏRTAC
Sabunçu Gənclər evində 2 Fevral - Azərbaycan Gəncləri Günü qeyd edilib.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, rayonun hüquq mühafizə orqanlarının rəhbər işçiləri və fəal gənclər iştirak ediblər.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev çıxış edərək bildirib ki, Azərbaycanda gənclərin dövlət tərəfindən ən yüksək diqqət və qayğı ilə əhatə olunması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz 1996-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan gənclərinin I Forumu keçirilib. 1997-ci ildə imzalanan Sərəncamla fevralın 2-si ölkəmizdə Azərbaycan Gəncləri Günü elan olunub.
A.Vəliyev hazırda ölkəmizdə gənclər siyasətinin mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu, Prezident İlham Əliyevin Ulu Öndərin gənclər siyasətini uğurla reallaşdırdığını vurğulayıb.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında gənclər siyasətinin rolundan danışıb, bu siyasətin təməlinin ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. Gənclərin ölkəmizin ictimai-siyasi həyatında fəallığından məmnunluqla bəhs edən R.Abbasov Azərbaycan Gəncləri Günü münasibətilə təbriklərini çatdırıb.
Çıxışlardan sonra rayonun ictimai-mədəni həyatında fəallığı ilə seçilən gənclərə diplom və hədiyyələr təqdim olunub.
Tədbir bədii hissə ilə davam edib.