Tayvanda zəlzələ nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb VİDEO
Bakı, 10 fevral, AZƏRTAC
Tayvanda baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 16 nəfərə çatıb. Xəsarət alanların sayı isə 270 nəfəri keçib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə təbii fəlakətdən ən çox zərər çəkən Hualyan rayonunda yaradılan operativ qərargahdan bildiriblər.
İtkin düşən 5 çinli turistdən 2-nin cəsədi aşağı mərtəbələri dağılmış və yanı üstə 45 dərəcə əyilmiş 12 mərtəbəli “Marshal” otelinin dağıntıları altında aşkarlanıb. Hazırda xilasedicilər itkin düşən daha 3 çinlinin axtarışını davam etdirirlər.
Xatırladaq ki, fevralın 6-da Tayvanda 6 bal gücündə dağıdıcı zəlzələ baş verib. Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib.