CƏMİYYƏT
Sabunçu rayonunda əhalinin tibbi müayinə tədbirinin gedişi yoxlanılıb
Bakı, 16 fevral, AZƏRTAC
Ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən, hər il olduğu kimi, bu il də fevralın 12-dən başlayaraq mayın 12-dək əhalinin növbəti tibbi müayinəsi aparılır. Həmin tədbirin uğurla keçirilməsi üçün Sabunçu rayonunun səhiyyə müəssisələrində lazımi tədbirlər görülüb.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyəti başçısının müavini Rəna Fərəcova Balaxanı qəsəbəsindəki 22 nömrəli Şəhər Poliklinikası, Zabrat qəsəbəsindəki 21 nömrəli Şəhər Poliklinikası və Kürdəxanı Sağlamlıq Mərkəzində aparılan tibbi müayinə ilə əlaqədar baxış keçirib. İcra hakimiyyətindən verilən məlumata görə, mühüm kampaniyanın yüksək səviyyədə keçirilməsi üçün əhali arasında izahat-maarifləndirmə işləri aparılır, sakinlərin tibbi müayinəyə cəlb olunması üçün zəruri tədbirlər görülür.
Baxış zamanı tibbi müayinədən keçən sakinlərin fikir və təklifləri dinlənilib.