REGİONLAR
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Füzulidə vətəndaşlarla görüşüb VİDEO
Füzuli, 27 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir, onların müraciətlərinin həlli üçün operativ tədbirlər görürlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova fevralın 27-də Horadiz şəhərində vətəndaşları qəbul edib. Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Laçın, Xocavənd, Tərtər və Füzuli rayonlarından olan vətəndaşlar iştirak edib.
Qəbulda Komitə sədri tərəfindən vətəndaşların fikir və təklifləri dinlənilib. Vətəndaşlar əsasən qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq, boşanmalardan yaranan problemlər, imkansız ailələrin müvafiq istiqamətdə təminatı ilə əlaqədar müraciətlər ediblər.
Vətəndaşların Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri araşdırılaraq cavablandırılıb və aidiyyəti üzrə tədbirlər görülüb. Müraciətlərin bir çoxu elə yerindəcə həll edilib, bəzi məsələlər isə araşdırılmaq üçün nəzarətə götürülüb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlərlə əlaqədar vətəndaşlara hərtərəfli izahat verilib, icrası nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib.
Qəbula gələn vətəndaşlar yaradılan şəraitdən razılıq edib, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə bu cür qəbulların keçirilməsinə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Qəbuldan sonra Komitə sədri Hicran Hüseynova Füzuli rayonunun fəal qadınlarının bir qrupu ilə görüşüb. Görüşdə qadınların müraciəti dinlənilib, təklifləri nəzərə alınıb. Komitənin sədri Hicran Hüseynova ailə, qadın və uşaq siyasəti sahəsində görülən mühüm işlər və layihələr haqqında rayon nümayəndələrinə məlumat verib. Eyni zamanda, erkən nikah halları, sakinlərin məşğulluq məsələləri, qadın sahibkarlara dəstək, uşaqların təhsildən yayınması məsələləri və digər mühüm mövzular ətrafında müzakirələr aparılıb.