DÜNYA
Floridada körpü çöküb, ölən var VİDEO
Vaşinqton, 16 mart, AZƏRTAC
Martın 15-də Florida Beynəlxalq Universitetinin ərazisində yeni tikilmiş piyada körpüsü çöküb.
İlkin məlumata görə, çökmə nəticəsində azı bir nəfər həlak olub, 6 nəfər xəsarət alaraq yerli xəstəxanalardan birinə yerləşdirilib. Dağılan körpünün altında azı səkkiz maşının qaldığı bildirilir. Xilasetmə işləri davam edir və ölənlərin sayının artacağı istisna olunmur.
Mayami-Deyd dairəsinin meriyasının təmsilçisi deyib ki, körpünün keçid hissəsinin tikintisi şənbə günü yekunlaşmışdı, lakin körpü hələ istifadəyə verilməmişdi.
Florida Beynəlxalq Universitetinin yaydığı məlumatda vurğulanır ki, piyadalar üçün nəzərdə tutulan 950 tonluq körpünün tikintisinə 14,2 milyon dollar xərclənib. Texniki göstəricilərinə görə körpü 5-ci kateqoriyalı qasırğasının gücünə tab gətirməli idi və 100 ildən artıq müddət üçün nəzərdə tutulmuşdu. Körpü Florida Beynəlxalq Universitetinin əsas korpusunu universitetin tələbələrinin yaşadığı Sweetwater rayonu ilə birləşdirilməsi məqsədi ilə tikilirdi.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton