REGİONLAR
“Ölkəmizi tanıyaq”: Naxçıvandan Bakıya 160 şagird yola düşüb
Naxçıvan, 26 mart, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən, respublikamızın şəhər və rayonlarının məktəbliləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın Naxçıvandan olan iştirakçıları Naxçıvan Beynəlxalq Hava Limanından Bakı şəhərinə yola düşüb.
AZƏRTAC xəbər verir ki, Naxçıvanda keçirilən sınaq imtahanlarında yüksək nəticə əldə edən 160 şagird 20 bələdçi-müəllimin müşayiəti ilə tur-aksiya çərçivəsində Bakı şəhərində Fəxri xiyabanda ümummilli liderimiz Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək, Heydər Əliyev Mərkəzi ilə yanaşı, əhəmiyyətli mədəni-tarixi yerlərlə tanış olacaqlar.
Bakı şəhərinə yola düşən tur-aksiya iştirakçısı, Şərur şəhər 2 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Şəhla Kazımova ilə söhbətimizdə bildirdi ki, ilk dəfədir Bakı şəhərinə gedir. Bakıya səfəri zamanı paytaxtımızın inkişafının canlı şahidi olacağını qeyd edən Şəhla Kazımova deyib: “Dövlətimizin başçısının tövsiyəsi ilə reallaşan bu layihə sayəsində biz şagirdlər ölkəmizi daha da yaxından tanıyacağıq. Bizdən əvvəl tur-aksiyalarda iştirak edən şagird dostlarım da vurğulayırdılar ki, bu tədbirlər, ümumilikdə, bölgələrimizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin öyrənilməsinə geniş şərait yaradır”.
Babək rayon Yarımca kənd tam orta məktəbin 11-ci sinif şagirdi Kənan Məmmədov isə qeyd edib ki, “Ölkəmizi tanıyaq” tur-aksiyası məktəblilərin dünyagörüşünün zənginləşməsinə böyük təsir göstərəcək: “Tur-aksiya ərzində bu günədək görmədiyimiz tarixi yerlərlə tanış olmaq imkanı qazanacaq, paytaxtımız Bakı şəhərini yaxından tanıyacaq, yeni məlumatlar əldə edəcəyik. Buna görə çox sevinirəm”.
X X X
Martın 26-da “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Bakı şəhərinin Nərimanov, Nizami, Pirallahı, Suraxanı, Sabunçu və Xəzər rayonlarından olan 162 məktəbli 18 bələdçi-müəllimin müşayiəti ilə Naxçıvan Muxtar Respublikasına gəlib. Şagirdlər dörd gün ərzində muxtar respublikanın tarixi abidələri, mədəniyyət, təhsil, səhiyyə müəssisələri ilə yaxından tanış olacaqlar.
AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu