İDMAN


Naxçıvanlı şagirdlər Bakı Olimpiya Stadionu ilə tanış olublar

Bakı, 28 mart, AZƏRTAC

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində paytaxtımıza gələn naxçıvanlı məktəblilər martın 28-də Bakı Olimpiya Stadionunda olublar.

AZƏRTAC xəbər verir ki, məktəblilərə bu möhtəşəm idman qurğusu barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, stadionun tikintisinə 2011-ci il iyunun 6-da başlanılıb. Müasir arxitektura üslubu, xüsusi gözəlliyi ilə seçilən Bakı Olimpiya Stadionu bu tipli idman qurğuları sırasında özünəməxsus yer tutur. Beynəlxalq standartlara tam cavab verən stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur yaradılıb. Təxminən 50 hektar ərazini əhatə edən stadion altı mərtəbədən ibarətdir. Əsas və köməkçi stadionlardan ibarət olan arenada VVIP, VIP, CIP, media, habelə əlil tamaşaçı bölmələri nəzərdə tutulub. Stadionun sahəsinə 4, tribunalara isə 26 qapıdan giriş var. Olimpiya normativlərinə əsasən, ərazidə 3100 yerlik avtomobil parkı inşa edilib. Stadionun ətrafında ümumilikdə 82 min kvadratmetrlik yaşıllıq sahəsi salınır. Arenanın layihəsi iqtisadi səmərəliliyi, müasirliyi, funksional baxımdan əlverişliliyi, paytaxtın memarlığına və irəli sürülən texniki şərtlərə maksimum uyğunluğu ilə seçilir.

Məktəblilərin diqqətinə çatdırılıb ki, 2015-ci ildə ilk Avropa, ötən il isə IV İslam Həmrəyliyi oyunlarının açılış və bağlanış mərasimləri məhz bu arenada təşkil olunub. Azərbaycan idmanı tarixində ilk dəfə UEFA Çempionlar Liqasının final mərhələsinə vəsiqə qazanan Ağdamın “Qarabağ” klubu bu turnir çərçivəsində ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirib. Həmçinin futbol üzrə UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək. 2020-ci ildə təşkil olunacaq futbol üzrə növbəti Avropa çempionatının final mərhələsinin bir neçə görüşü də bu möhtəşəm idman arenasında oynanılacaq.

Naxçıvanlı məktəblilər Bakı Olimpiya Stadionu ilə tanışlıqdan xoş təəssüratla ayrılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.