CƏMİYYƏT


“Ölkəmizi tanıyaq” tur-aksiyasının Bakıdan olan iştirakçıları Naxçıvandan geri qayıdıblar

Bakı, 29 mart, AZƏRTAC

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasında səfərdə olan Bakı məktəbliləri martın 29-da paytaxta geri qayıdıblar.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda tur-aksiya iştirakçılarını rayon icra hakimiyyətlərinin əməkdaşları, tədbirin təşkilatçıları, ictimaiyyətin nümayəndələri qarşılayıblar.

Naxçıvana səyahət zamanı şagirdlər ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyində olublar. Burada onlar Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, kitablar, sənədlər, Ümummilli Liderə məxsus geyim və şəxsi əşyalara baxıblar.

Paytaxt məktəblilərinin, həmçinin Gənclər Mərkəzinə, Dövlət Bayrağı Muzeyinə, Naxçıvan Dövlət Universitetinə, bir sıra orta məktəblərə, Naxçıvan Biznes Mərkəzinə və tarixi abidələrə ziyarəti təşkil olunub. İştirakçılar Naxçıvan şəhərinin füsunkar təbiətə malik qədim Ordubad rayonuna da səfər edib, tarixi və görkəmli şəxsiyyətlərin ev-muzeylərində olub, onlara aid şəxsi əşyalar və ekspozisiyalarla bağlı məlumatlandırılıblar.

Bakı məktəbliləri Naxçıvan, Ordubad şəhərlərinin, Culfa, Şahbuz rayonlarının tarixi, mədəniyyət abidələri, turizm mərkəzləri və digər görməli yerləri ilə də tanış olublar.

Naxçıvana səfərdən məmnunluğunu bildirən Bakı məktəblisi Cavidan Rzayev təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşərək deyib: “Bu layihədə iştirak etdiyim üçün çox sevinirəm. Naxçıvana ilk səfərim idi və orada gördüyüm qonaqpərvərlik məni heyran etdi. Biz Naxçıvanın tarixi yerlərində olduq. Bu tur-aksiyanın təşkilatçılarına təşəkkürümü bildirirəm”.

Şagird Məhəmməd Məmmədov deyib: “Naxçıvan şəhərinin təbiəti, muzeyləri, tarixi yerləri ilə tanış olduq. Naxçıvanı görməyi hər zaman arzulayırdım və bu arzuma çatdım. Ölkəmizin zəngin tarixinin olmasından çox böyük qürur hissi keçirirəm. Bu qədim diyardan olduqca xoş təəssüratlarla ayrıldıq”.

Məktəbli Aytən Kələşova: “Biz Naxçıvandan Bakıya çox xoş təəssüratlarla qayıtdıq. Bu qədim diyarın tarixi, mədəniyyət abidələri, təbiəti, sosial-iqtisadi inkişafı ilə yaxından tanış olduq. Bu tur-aksiyanın keçirilməsi bizim Vətənimiz haqqında ətraflı məlumat əldə etməyimizdə mühüm rol oynayır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.