CƏMİYYƏT
Seçki məntəqələrində yanğına qarşı maarifləndirmə tədbirləri davam etdirilir
Bakı, 6 aprel, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ərəfəsində seçki məntəqələrində yanğına qarşı maarifləndirmə tədbirlərini davam etdirir.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, növbəti tədbirlər 32 saylı Suraxanı III, 26 saylı Sabunçu I, 25 saylı Nizami II və 34 saylı Xətai I seçki dairələrindəki seçki məntəqələrində keçirilib.
Seçki məntəqələrinin yerləşdiyi binada köçürmə çıxışlarının bütün qapılarının otaqlardan çıxışa doğru sərbəst açılması, məntəqələrin ilkin odsöndürmə vasitələri ilə təmin olunması və üzvlərinin təxliyə yolları, su hidratlarının yerinin yadda saxlanılması, elektrik avadanlığının işlək vəziyyətdə nəzarətsiz qalmaması izah olunub.
Eyni zamanda, Xidmət tərəfindən hazırlanan və seçki məntəqələrinin yanğın təhlükəsizliyindən bəhs edən üç adda yaddaş vərəqələri paylanıb və ilkin odsöndürən vasitələrdən istifadə qaydaları əyani şəkildə göstərilib.