ELM VƏ TƏHSİL
Bakıda 67 nömrəli tam orta məktəbin 120 illik yubileyi qeyd edilib VİDEO
Bakı, 4 may, Xanım Nağıyeva, AZƏRTAC
Mayın 4-də Bakı şəhəri 67 nömrəli tam orta məktəbin 120 illik yubileyinə həsr olunmuş "Üç əsrin şahidi" adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva və digər qonaqlar məktəb şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Məhəbbət Vəliyeva məktəbin kollektivini 120 illik yubiley münasibətilə təbrik edib, onlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb. O, məktəbin tədris nailiyyətlərinin son illərdə xüsusilə artdığını diqqətə çatdırıb.
Məktəbin bu günə qədər keçdiyi zəngin inkişaf yolundan bəhs edən M.Vəliyeva qeyd edib ki, 1897-ci ildə 73 şagird və 2 müəllimlə fəaliyyətə başlayan təhsil müəssisəsində hazırda 3098 şagirdin təlim-tərbiyəsi ilə 141 müəllim məşğul olur.
"Üç əsrin şahidi" adlı kitabı təqdim edən məktəbin direktoru İradə Bayramova rəhbəri olduğu təhsil ocağında təcrübəli pedaqoji kollektivin fəaliyyətindən danışıb. Hər il məktəb məzunlarının böyük hissəsinin ölkənin müxtəlif ali təhsil ocaqlarına qəbul olduqlarını diqqətə çatdırıb.
Tədbir bədi hissə ilə davam edib.
Sonda məktəbin pedaqoji kollektivinin fərqlənən üzvlərinə mükafatlar təqdim edilib.