DÜNYA
İsrail hərbçiləri 41 fələstinli öldürüb, yaralananların sayı 1600-ü ötüb VİDEO
Bakı, 14 may, AZƏRTAC
Qəzza sektorunun sərhədində İsrail ordusu ilə toqquşmalarda qətlə yetirilən fələstinlilərin sayı 41 nəfərə çatıb, 1693 insan yaralanıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu gün səhər başlayan və sabah da davam edəcək etiraz aksiyaları İsrail tərəfinin sərt müdaxiləsi ilə qarşılanıb. Ordu nümayişçilərə odlu silahdan atəş açır. Yaralananlar arasında 9 müxbirin də olduğu bildirilir.
Xarici KİV-lərin İsrail hərbçilərinə istinadla yaydığı məlumata əsasən, sərhədin 12 məntəqəsində 35 min etirazçı cəmlənib. Aksiyanın miqyasının daha da artmasından ehtiyatlanan İsrail ordusu Qəzza sektoruna əlavə iki piyada briqadası göndərib. Daha bir briqada isə İordan çayının indiyə qədər etiraz aksiyalarına qoşulmayan qərb sahilinə yollanıb. Qəzza sərhədi “qapalı hərbi zona” elan olunub.
Fələstinlilər Qüds şəhərində ABŞ səfirliyinin açıldığı gün - mayın 14-də və işğalın başladığı Nakbanın (Böyük fəlakət) ildönümü günü - mayın 15-də “Böyük qayıdış marşının” kulminasiyasını planlaşdırırlar. Ayyarım davam edən aksiyalar zamanı bugünkü itkilər nəzərə alınmasa, 50-yə qədər fələstinli qətlə yetirilib.
Fələstin Səhiyyə Nazirliyi yaralı sayının hər dəqiqə artığı bölgədəki xəstəxanalarda tibbi ləvazimat baxımından ciddi çatışmazlıq yaşandığını bildirib və “təcili yardım” çağırışı edib.