CƏMİYYƏT
Sabunçu rayonunda Beynəlxalq Ailə Günü qeyd edilib
Bakı, 16 may, AZƏRTAC
Sabunçu rayonundakı Gənclər Evində 15 may - Beynəlxalq Ailə Günü münasibətilə tədbir keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin əvvəlində ailə modeli timsalında Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə ayağını itirmiş, I qrup Qarabağ müharibəsi əlili Qalib Əliyev və onun əlil arabası ilə hərəkət edən həyat yoldaşı Zinyət Vəliyeva haqqında qısametrajlı videoçarx nümayiş olunub.
Rayon icra hakimiyyəti başçısının müavini Rəna Fərəcova Beynəlxalq Ailə Gününün yaranması və qeyd olunması barədə danışaraq ölkəmizdə ailənin cəmiyyətin əsas özəyi kimi dövlətin himayəsində olduğunu bildirib və ailənin sosial müdafiəsi, gənc ailələrə qayğı sahəsində görülən işlərdən bəhs edib.
Milli Məclisin deputatı Dilarə Cəbrayılova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Gülnarə Məmmədova, Sabunçu rayon Qeydiyyat şöbəsinin müdiri Lətafət Hacıyeva, 4 saylı Bakı “ASAN xidmət” Mərkəzinin könüllülərlə iş üzrə məsul şəxsi Zinyət Şamıyeva və başqaları ailə dəyərləri və Azərbaycan qadınının həmin dəyərlərin qorunmasında oynadığı mühüm rolu vurğulayıblar.
Beynəlxalq Ailə Günü münasibətilə keçirilən tədbirdə gənc ailə cütlüyü üçün nikah mərasimi təşkil edilib və onların nikahı rəsmi dövlət qeydiyyatına alınıb.
Nümunəvi ailə cütlüyü Qalib Əliyev və Zinyət Vəliyevaya, eləcə də yeni nikaha daxil olan Nahid Abışov və Ülviyyə Əsgərova cütlüyünə rayon icra hakimiyyətinin xatirə hədiyyələri təqdim edilib, xatirə şəkilləri çəkilib.