CƏMİYYƏT
Pirallahıda dərman preparatları və şprits istehsalı zavodlarının yaradılması istiqamətində işlər davam etdirilir


Bakı, 13 iyul, AZƏRTAC
Pirallahı rayonunda 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib. Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.
Əvvəlcə tədbir iştirakçıları iyulun 10-da Gəncədə asayişi kobud şəkildə pozanların qarşısını alarkən şəhid olmuş polis polkovniki İlqar Balakişiyevin və polis polkovnik-leytenantı Səməd Abbasovun xatirələrini bir dəqiqəlik sükutla yad ediblər.
Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov bildirib ki, Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü, ardıcıl, xalqın maraq və mənafelərini əsas götürən siyasətin nəticəsi olaraq ölkəmizdə həm sosial-iqtisadi, həm də ictimai-siyasi sahələrdə yeni uğurlara imza atılıb. O, son beş ildə Pirallahı rayonunda həyata keçirilən layihələr barədə məlumat verib.
Qeyd edilib ki, rayon üzrə məktəbəqədər tərbiyə müəssisələrinə olan tələbatı ödəmək məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikilən iki 140 və 100 yerlik körpələr evi-uşaq bağçasının inşaat işləri davam etdirilir. Artıq 140 yerlik körpələr evi-uşaq bağçasında işlər tamamlanmaq üzrədir.
Sənaye sahəsində görülən işlərdən söz açan V.İmanov vurğulayıb ki, dövlətimizin başçısının 2016-cı il 14 sentyabr tarixli Sərəncamına əsasən yerli əczaçılıq sənayesinin təşkili məqsədilə yaradılmış Pirallahı Sənaye Parkında “Hayat Pharm” və “Caspian Pharmed” dərman preparatları, eləcə də şprits istehsalı zavodlarının yaradılması istiqamətində işlər davam etdirilir.
V.İmanov dövlət proqramlarının icra vəziyyəti və qarşıda duran vəzifələrdən danışaraq deyib ki, qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Ətraf mühitin qorunması, ekoloji tədbirlər və turizmin inkişafından danışan V.İmanov diqqətə çatdırıb ki, hesabat dövründə 2500-ə qədər zeytun ağacı əkilib, yaşıllıqların nəzarətdə saxlanılması, torpaq sahələrinin şumlanması işləri aparılıb. Turizmin inkişaf perspektivlərinə toxunan icra başçısı bildirib ki, Pirallahı, Gürgən və Çilovda inşa ediləcək istirahət mərkəzləri və komplekslər, otel və mehmanxanalar, Tarix-Diyarşünaslıq Muzeyi, Gənclər Əyləncə Mərkəzi ilə yanaşı, yeni tikilmiş körpünün altındakı 120 metrlik keçidin açılması ilə su idman növlərinin, o cümlədən yelkənli qayıqsürmə və avarçəkmənin inkişafı, yeni müasir çimərliyin, skuter gəzintilərinin, ada ətrafında gəmi kruizlərinin təşkili üçün əlverişli imkanlar yaranıb.
Sonda rayonun ictimai həyatında və sosial-iqtisadi inkişafında fəal iştirak edən bir qrup şəxs rayon icra hakimiyyəti tərəfindən fəxri fərmanla təltif edilib.