İQTİSADİYYAT
Bakıda Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının 37-ci sessiyası işə başlamışdır
Bakı, 17 aprel (AZƏRTAC). Aprelin 17-də Bakıda Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının 37-ci sessiyası öz işinə başlamışdır.
Tədbirə Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ev sahibliyi edir.
Sessiyada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya regionuna daxil olan 54 üzv ölkəsinin, Avropa Komissiyası kimi üzv təşkilatının yüksək səviyyəli rəsmiləri, eləcə də BMT-nin digər təşkilatları, bir sıra hökumətlərarası və beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.
Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev demişdir ki, bu tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın dünyada artan imicinin və dinamik inkişafının təzahürüdür.
Nazir müavini ölkəmizdə bütün sahələrdə olduğu kimi, aqrar sektorda da əldə olunan nailiyyətlərdən danışmışdır. Bildirmişdir ki, bu sektorun inkişafına hər il dövlət büdcəsindən vəsait ayrılır. Son 5 ildə Azərbaycan iqtisadiyyatında ümumdaxili məhsul bir neçə dəfə artmışdır.
FAO baş direktorunun müavini, qurumun Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Fernanda Guerrieri də Azərbaycanda iş qabiliyyətli əhalinin 38 faizinin kənd təsərrüfatında işləməsini təqdirəlayiq hal kimi dəyərləndirmişdir.
Fernanda Guerrieri vurğulamışdır ki, Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının sessiyası Avropa üzrə regional konfransa hazırlıq tədbiridir. Sessiyada Avropa Komissiyasının Avropa və Mərkəzi Asiya regionu üçün 2012-2013-cü illər üzrə iş proqramı və büdcəsinin müzakirəsi, həmçinin torpaq və gender bərabərliyi məsələləri üzrə debatların aparılması məsələləri müzakirə olunmuşdur.
Sessiya iki gün davam edəcəkdir.