REGİONLAR
Çətənə kolları becərən Şabran sakinləri saxlanılıb VİDEO
Şabran, 31 avqust, Elxan Yusifli, AZƏRTAC
Şabran Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən iki şəhər sakinini saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, avqustun 29-da Şabran şəhər sakini Zakir Məmmədov narkotik maddələrin kultivasiya yolu ilə yetişdirilməsində şübhəli bilinərək saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evə baxış zamanı həyətyanı sahədən dibçəklərlə yaş çəkisi 500 qram olan 4 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.
Avqustun 30-da isə Şabran şəhər sakini Məcid Zeynalovun yaşadığı evə keçirilən baxış zamanı oradan yaş çəkisi 1 kiloqrama qədər olan 3 ədəd xüsusi aqrotexniki qaydada qulluq edilmiş çətənə kolu və evin zirzəmisindən ümumi çəkisi 400 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub.
Faktlarla bağlı Şabran RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırmalar aparılır.