REGİONLAR
Sosial layihə iştirakçılarına ümummilli lider Heydər Əliyevin siyasi kursu, azərbaycançılıq və dövlətçilik ideologiyası təbliğ olunub VİDEO
Quba, 13 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Sentyabrın 13-də Qubadakı Heydər Əliyev Mərkəzində “ASAN xidmət” mərkəzinin könüllülərinin iştirakı ilə keçirilən tədbirdə ümummilli lider Heydər Əliyevin siyasi kursu, azərbaycançılıq və dövlətçilik ideologiyası təbliğ olunub. Görüş, həmçinin region gənclərinin təcrübə imkanlarının, bilik və bacarıqlarının artırılması, könüllülük fəaliyyətinin təşviqi məqsədi ilə təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov, ARB Televiziyasının Xəbərlər Departamentinin redaktoru, Bakı Dövlət Universitetinin dosenti Aynur Nəsirova, Milli.az xəbər portalının əməkdaşı İlkin İzzət peşə fəaliyyətləri dövründə ölkə daxilində və xaricində ulu öndər Heydər Əliyevin səfərlərində və görüşlərində jurnalist kimi iştiraklarından söz açaraq, xatirələrini bölüşüblər.
Tədbirdə ümummilli lider Heydər Əliyevin dövlətçilik fəaliyyəti, əlamətdar tarixi hadisələr, dövlət quruculuğu, gənclərin dünyagörüşünün və sosial-ictimai fəallığının artırılması ilə bağlı faydalı məlumatlar verilib, müzakirələr aparılıb.
ASAN Könüllüləri və Heydər Əliyev mərkəzlərinin birgə həyata keçirdiyi sosial layihə çərçivəsində Azərbaycanın regionlarında davamlı olaraq tədbir, təlim, kurs, seminar və digər görüşlərin təşkil edilməsi nəzərdə tutulub.