DÜNYA
ABŞ-da “Florens” qasırğası nəticəsində həyatını itirənlərin sayı 18 nəfərə çatıb VİDEO
Bakı, 17 sentyabr, AZƏRTAC
ABŞ-ın şərq sahillərində tüğyan edən “Florens” qasırğası azı 18 nəfərin ölümünə səbəb olub.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Şimali Karolina ştatının bəzi rayonlarında suyun səviyyəsi yüksəlməkdə davam edir və əhalinin həyatı üçün təhlükə artır. Ştat ərazisindəki yolların əksəriyyəti su altında qalıb. Təhlükəli ərazilərdə yaşayan 15 min insan müvəqqəti yaşayış mərkəzlərinə göndərilib.
Meteoroloqların məlumatına əsasən, hazırda “Florens” qasırğası saatda 9,6 kilometr sürətlə qərbə doğru hərəkət edir.
Xatırladaq ki, sentyabrın 14-də ABŞ-ın şərq sahilləri “Florens” qasırğasının təsirinə məruz qalıb. ABŞ Prezidenti Donald Tramp ölkənin qasırğaya hazır olduğunu deyib, həmçinin vətəndaşlara “qasırğa ilə zarafat etməməyə” və ehtiyatlı olmağa çağırıb.