CƏMİYYƏT
Nardaranda “Şəhidlik mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirilib
Bakı, 27 sentyabr, AZƏRTAC
Sentyabrın 27-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Sabunçu Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Nardaran qəsəbəsində “Şəhidlik mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirilib.
Fondan AZƏRTAC-a bildiriblər ki, tədbiri açan Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov dövlət-din münasibətləri və dövlətin din siyasətindən danışıb. O bildirib ki, son illərdə çoxsaylı dini ibadət ocaqlarının təmiri və tikilməsi, eləcə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun yaradılması dövlətin dinə və din xadimlərinə olan qayğısının bariz nümunəsidir.
Daha sonra çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov rəhbərlik etdiyi Fondun fəaliyyət istiqamətləri haqqında məlumat verib. Bildirib ki, xalqımızın sahib olduğu milli-mənəvi dəyərlər və bu dəyərləri özündə ehtiva edən azərbaycançılıq ideologiyası qorunmalı və gələcək nəsillərə çatdırılmalıdır. İslamın şəhidlik məqamına verdiyi dəyərdən danışan icraçı direktor ölkəmizdə şəhidlərə və onların ailə üzvlərinə hörmət və ehtiramın olduğunu qeyd edib. Ölkəmizdə məzhəblərarası dostluq və tolerantlıq mühitinin mövcud olduğunu deyən M.İsmayılov bu siyasətin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev şəhidliyin İslam dinindəki yeri haqqında məlumat verib. C.Əliyev dövlətçiliyimizin bərqərar edilməsi və möhkəmlənməsində şəhidlərin xüsusi rolunun olduğunu diqqətə çatdırıb.
Sonda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Musa Qasımov vətənpərvərliyin dini dəyərlərin tərkib hissəsi olduğunu diqqətə çatdırıb. O, şəhidlərin ruhunun əziz tutulduğunu qeyd edərək, Kərbəla və Qarabağ şəhidləri üçün dualar edib.
Tədbirin yekununda iştirakçılarla fikir mübadiləsi aparılıb.