CƏMİYYƏT
Sosial xidmət mərkəzində Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirilib
Bakı, 28 sentyabr, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Sabunçu rayon Gənclər İdman İdarəsinin birgə təşkilatçılığı ilə 1 oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə rayonun Bilgəh qəsəbəsində yerləşən Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət mərkəzində tədbir keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Baş İdarənın rəisi Raqif Abbasov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Milli Məclisin deputatı Dilarə Cəbrayılova, Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri Mehriban Abbasquliyeva, Sabunçu rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev və digər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən BŞGİBİ-nin rəisi R.Abbasov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə vətəndaşlarımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar nəticəsində ölkə həyatının bütün sahələrində müşahidə olunan dinamik inkişaf və tərəqqi xüsusi qayğıya ehtiyacı olan şəxslərin, o cümlədən ahıl vətəndaşların sosial müdafiəsinin davamlı güclənməsinə imkan yaradıb. “Bu gün respublikamızda ahıllara müxtəlif sosial xidmətlər göstərilir, onların sağlamlığının qorunması, cəmiyyətə inteqrasiyası daim diqqət mərkəzində saxlanılır. Həmçinin onların sağlam yaşamalarının təmin edilməsi istiqamətində məqsədyönlü işlər görülür, ölkənin sosial, ictimai və mədəni həyatında fəal iştiraklarının təmin olunması üçün əlverişli şərait yaradılır”, - deyə BŞGİBİ-nin rəisi vurğulayıb.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini R.Fərəcova, deputat D.Cəbrayılova, Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri M.Abbasquliyeva da çıxış edərək ahıl insanların sosial müdafiəsinin gücləndirilməsi və hüquqlarının təmin edilməsi sahəsində həyata keçirilən tədbirlərdən, eyni zamanda, gənclərimizin ahıl insanların zəngin təcrübəsindən yararlanması istiqamətində görülən işlərdən danışıb, ahıllara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Çıxışlardan sonra ahıllar arasında keçirilən nərd yarışının qaliblərı mükafatlandırılıb.
Qeyd edək ki, həmin gün bir qrup pansionat sakininin Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının Şöhrət Muzeyinə ekskursiyası təşkil olunub.