Əfqanıstanda partlayış: azı 13 nəfər həlak olub, 40 nəfər yaralanıb VİDEO
Bakı, 2 oktyabr, AZƏRTAC
Əfqanıstanda parlament seçkilərində deputatlığa namizəd Nəsirxan Momandın yerli sakinlərlə seçkiqabağı görüşü zamanı baş verən partlayış nəticəsində azı 13 nəfər həlak olub, 40 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, insident Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətinin Kama rayonunda yerli vaxtla saat 13:00-da qeydə alınıb. Partlayıcı qurğunun siyasətçinin ofisində işə salındığı bildirilir.
Hələlik ölkədə fəaliyyət göstərən heç bir qruplaşma terror aktının məsuliyyətini üzərinə götürməyib.
Ölkədə qeyri-sabitlik səbəbindən iki illiyə təxirə salınmış parlament seçkiləri bu il oktyabrın 20-nə, prezident seçkiləri isə 2019-cu il aprelin 20-nə təyin olunub. Əfqanıstan parlamentinə seçkilər sonuncu dəfə 2010-cu ildə keçirilib.