CƏMİYYƏT
Bakıda istixanada çətənə kolları yetişdirən şəxs saxlanılıb VİDEO
Bakı, 11 oktyabr, AZƏRTAC
Daxili işlər orqanları kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması və bu işlə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində qətiyyətli tədbirləri uğurla həyata keçirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ağatahir Zəkiyev saxlanılıb.
Onun Albalılıq yaşayış sahəsindəki evinin həyətinə baxış zamanı 2 kiloqram 150 qram qurudulmuş marixuana və istixanada kultivasiya yolu ilə yetişdirilən 2115 çətənə kolu aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq, A.Zəkiyevin evindən müvafiq sənədləri olmayan ov tüfəngi də aşkarlanıb.
Saxlanılan şəxs istintaqa verdiyi ifadəsində narkotik tərkibli bitkiləri təxminən bir ay əvvəl əkdiyini və onlara qulluq göstərərək yetişdirdiyini etiraf edib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.