CƏMİYYƏT
“Bakı Telefon Rabitəsi” MMC-yə məxsus kabeli oğurlayan şəxs saxlanılıb VİDEO
Bakı, 27 noyabr, AZƏRTAC
“Bakı Telefon Rabitəsi” MMC-nin Sabunçu rayonundakı 4 saylı xidmətlər mərkəzindən rabitə kabelləri kəsilərək naməlum şəraitdə oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu barədə Sabunçu Rayon Polis İdarəsi 12-ci polis şöbəsinə məlumat daxil olan kimi dərhal araşdırmalara başlanılıb. Təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs, əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Tarıyel Vəliyev saxlanılıb. Araşdırma zamanı həmin şəxsin telefon qovşağına məxsus dirəklərdən ayrı-ayrı vaxtlarda ümumilikdə 500 metr kabel oğurladığı müəyyənləşdirilib.
T.Vəliyev oğurladığı kabeli yandıraraq mis halında əlvan metal qəbulu məntəqələrinə satıb. Saxlanılan şəxs barəsində 12-ci polis şöbəsində toplanan materiallar araşdırılması üçün rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.