Filippinli Katriona Qrey 2018-ci ilin “Kainat gözəli” seçilib VİDEO
Bakı, 17 dekabr, AZƏRTAC
Tailandın paytaxtı Banqkokda hər il keçirilən beynəlxalq gözəllik müsabiqəsinin qalibinin adı açıqlanıb.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Filippinin 24 yaşlı təmsilçisi Katriona Qrey “Kainat gözəli-2018” müsabiqəsinin qalibi olub və ilin ən gözəl qadını adını qazanıb.
Müsabiqənin finalı Banqkokun “Impact Arena” sərgi mərkəzində baş tutub. Yeni “Kainat gözəli”nə brilyant tacı bundan öncəki finalçı - Cənubi Afrika Respublikasından olan Demi-Li Nel-Piters təqdim edib. Qalibi ənənəvi olaraq bir illik yaşayış xərci, Nyu-York şəhərində apartamentlər və digər prizlər gözləyir.
Müsabiqədə ikinci və üçüncü yerləri müvafiq olaraq Venesuela təmsilçisi Stefani Quterres və Cənubi Afrika Respublikasının nümayəndəsi Tamarin Qrin tutub. Ümumilikdə isə müsabiqədə bütün dünyadan 94 nəfər iştirak edib.