Fransada aksiyaçılarla polis arasında qarşıdurma olub VİDEO
Paris, 6 yanvar, AZƏRTAC
Fransa Daxili İşlər Nazirliyinin məlumatına əsasən, “sarı jiletlər” aksiyasının səkkizinci mərhələsində 50 min aksiyaçı iştirak edib. Parisdəki aksiyaya 3500 insan qatılıb.
AZƏRTAC xəbər verir ki, aksiya çərçivəsində bir çox şəhərlərdə polis və aksiyaçılar arasında toqquşma olub. Paris 50-yə yaxın aksiyaçını saxlayıb. Beşi polis olmaqla 38 nəfər yaralanıb.
Aksiyaçılar bəzi nazirliklərə hücum etmək istəyiblər. Daxili işlər naziri K.Kastaner hər kəsi ölkə qanunvericiliyinə riayət etməyə çağırıb.
Sosial şəbəkələrdə aksiyaçılar 9-cu mərhələnin gələn şənbə günü təşkil olunacağını qeyd ediblər. Onlar aksiyanı Fransanın coğrafi mərkəzi hesab olunan və kökü burjuaziya sözündən olan Burj şəhərində təşkil etməyi planlaşdırırlar.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris